Yaşıl Möcüzə: Fotosintez

Get Adobe Flash player

Həyat Enerjisini Istehsal Edən Zavod


Günəşin Dünyaya göndərdiyi bir gündəlik enerji, bütün insanlığın bir gün boyunca ehtiyac duyacağı enerjinin təxminən on min qatıdır. İnkişaf etmiş ölkələr, Günəşdən gələn bu pulsuz enerjini yığa bilmək üçün edilən araşdırmalara çox yüksək miqdarda pul xərcləyirlər.

Bu məqsədlə aparılan araşdırmalarda, təəccüblü bir həqiqətlə qarşılaşılmış və bitkilərin Günəşdən gələn enerjini toplayan, mükəmməl bir sistemə sahib olduqları aydın olmuşdur. Bitkilərin sahib olduğu bu sistemə fotosintez adı verilir. Bitkilər, fotosintez əməliyyatını strukturlarında olan günəş hüceyrələri sayəsində reallaşdırarlar. Bu hüceyrələr günəş enerjisini kimyəvi enerjiyə çevirərək bütün canlılığın təməl qida qaynağı olan karbohidratı istehsal edirlər.

Karbohidratlar bütün canlıların birbaşa və ya bilvasitə olaraq enerji ehtiyacını təmin edən əsas qida qaynaqlarıdır. Bu enerjini əldə etmək üçün mütləq bitkilərlə qidalanmaq lazım deyil. Heyvanlar da bu bitkilərlə bəsləndikləri üçün, eyni enerji heyvani qidalar yoluyla da insanlara çata bilir. Məsələn, qoyunlar otla qidalanar. Yaşıl otlar günəş enerjisini istifadə edərək, fotosintez yoluyla karbohidrat molekullarını sintez edir. Günəş enerjisi bu şəkildə bitkidəki karbohidrat molekullarının içinə yığılır. Beləcə, otları yeyən qoyunlar bunların içindəki enerji yüklü molekulları bədənlərinə almış olurlar. Daha sonra, karbohidrat molekulları heyvanın bədənində yağa çevrilir. Buna görə bu molekulların ehtiva etdiyi enerji də heyvanın toxumalarına köçürülmüş olur. Bu heyvanlarla qidalanan insan da, Günəşdən bitkilərə, oradan heyvanlara, ardınca da özünə çatan bu enerjini alır və bədənində istifadə edir. Göründüyü kimi hər nə yolla gəlirsə gəlsin bütün canlılar həyatlarını davam etdirmək üçün fotosintez yoluyla günəş işığından əldə edilən enerjini istifadə edirlər.


Yalnız qidalar deyil, gündəlik həyatımızda istifadə etdiyimiz maddələrin böyük bir hissəsi də ən əvvəl fotosintez yoluyla əldə edilən enerjini bizə köçürürlər. Məsələn, neft, kömür, təbii qaz kimi yanacaqlar fotosintez yoluyla günəş enerjisinin yığıldığı enerji qaynaqlarıdır. Yanacaq olaraq istifadə etdiyimiz odun üçün də eyni vəziyyət keçərlidir. Yalnız bu maddələr mövqeyindən baxıldığında belə fotosintezin nə qədər həyati bir əhəmiyyətə sahib olduğu aydın olar. Elm adamları baxımından fotosintezin sirlərinin kəşf edilməsi və bu əməliyyatda iştirak edən mexanizmlərin gün işığına çıxarılması çox əhəmiyyətlidir. Əgər bu müddət aydın olsa; qida istehsalını artırmaq, təbiəti ən məhsuldar şəkildə istifadə etmək, günəş enerjisindən maksimum səviyyədə faydalanmaq, yeni dərmanlar inkişaf etdirmək, günəş enerjisiylə işləyən çox sürətli və çox kiçik maşınlar hazırlamaq mümkün olacaq.

Ancaq dərhal ifadə etmək lazımdır, fotosintez haqqında bilinənlər, onu təqlid edərək günəş enerjisini yığacaq sistemlərin çıxarıla bilməsi üçün hələ kafi deyil. Buna baxmayaraq, ağılı və şüuru olmayan bir yarpaq üçün fotosintez çox asan bir əməliyyatdır. Ağıl, təhsil və yüksək texnologiya sahibi insanlar bu sistemin təqlidini belə edə bilməzkən, milyardlarla ildir yüz trilyonlarca yarpağın tək-tək fotosintez əməliyyatını reallaşdıra bilməsi heyranlıq doğurur. Bu kimyəvi əməliyyat, bitkilər tərəfindən ilk yaradıldıqları gündən bəri heç axsaqlığa uğramadan reallaşdırılır. Yaşıllıq olan hər yerdə, günəş enerjisi istifadə edərək, karbon 4 oksid və sudan, şəkər meydana gətirən bir fabrik işləyir deməkdir. Yediyiniz ispanaq, salatınızdakı cəfəri, eyvanınızdakı sarmaşıq, siz fərqində olmadan, sizin üçün dayanmadan istehsal edirlər. Bu, üstün elm sahibi Allahın insanlara olan şəfqətinin bir nəticəsidir. Allah bitkiləri insanların və bütün canlıların faydasına xidmət edə biləcəkləri şəkildə yaratmışdır. İnsanın müasir texnologiyayla belə qavraya bilmədiyi bu qüsursuz sistemi yarpaqlar milyonlarla ildir işlədirlər. Allah Quranın bir ayəsində, insanların bir tək ağacı belə yoxdan var etməsinin qeyri-mümkün olduğunu belə bildirər:



(Onlar mı) Yoxsa, göyləri və yeri yaradan və sizə göydən su endirənmi?
Ki onunla (o suyla) könül alıcı bağçalar bitirdik, sizin üçünsə bir ağacını bitirmək (belə) mümkün deyil…
(Nəml surəsi, 60)



Allah bütün kainatı üstün bir elm və sənətlə yaratmışdır. Yer üzündəki canlılığı meydana gətirən bütün sistemlər də bu bənzərsiz yaradılışın bir nəticəsi olaraq bir-birləriylə böyük uyğunluq təşkil edirlər. Kosmosdakı ulduzlardan, bir atomun ətrafında fırlanan elektronlara qədər hər sistem, hər quruluş bir başqasına bağlı və ya bir başqasının tamamlayıcısıdır.

Bu üstün dizaynda fotosintezin çox əhəmiyyətli bir yeri vardır. Şüursuz bitki hüceyrələri, torpağı, suyu, havanı və Günəşi istifadə edərək, torpağın içindən müəyyən nisbətlərdə mineralları və suyu alaraq, insan üçün qida istehsal edirlər. Günəş işığından aldıqları enerji ilə bu vəsaitləri parçalayır, sonra parçaladıqları vəsaitləri qidaları meydana gətirəcək şəkildə bir yerə gətirirlər. Burada qısaca yekunlaşdırılan bu əməliyyatın hər mərhələsində fərqli bir ağıl, şüur və planlama görünür. Bitkilərdəki bu heyranlıq oyandıran sistem, ortaya qoyduğu nəticələriylə, çox açıqdır, insanın faydası üçün xüsusi olaraq hazırlanmış bir həyat qaynağıdır.

Bura qədər gördüyümüz kimi, günəş enerjisinin yer üzündəki yaşıl bitkilərlə olan mükəmməl uyğunlaşması, bütün canlılığın səbəbindən də insanlığın varlığını davam etdirə bilməsi üçün zəruri olan təməl qida qaynağını meydana gətirir. Başqa sözlə, insanların və bütün canlıların ruzisi göylərdən yer üzünə uzanan zəncirləmə bir sistemin nəticəsi olaraq yaradılır. Bu mövzuya Quran ayələrində belə işarə edilir:




De ki: "Sizə göylərdən və yerdən ruzi verən kimdir?" De ki: "Allah, həqiqətən ya biz, ya da siz hər halda bir hidayət üzərindəyik və ya açıq-aşkar bir pozğunluqda".
(Səba surəsi, 24)


Məxluqatı əvvəldən yaradan, sonra onu yenidən dirildən, sizə göydən və yerdən ruzi verən kimdir? Heç Allahla yanaşı başqa məbud varmı?” De: “Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin”.
(Nəml surəsi, 64)


Hər bitki, insanın faydası üçün xüsusi olaraq yaradılmış, öz-özünə işləyən, hava, su və Günəş kimi ən bol və ən xərcsiz qaynaqları istifadə edən bir enerji stansiyası və bir qida fabrikidir. Yarpaqlar bu stansiyanın həm günəş enerjisini yığan enerji panelləri, həm də qida çıxaran fabrikləridir. Bitkilər bu kimyəvi əməliyyatların yanında dad, qoxu və rəngləriylə də üstün bir sənət və estetikanın məhsuludurlar. Hər parçası böyük bir elmlə yaradılmış yarpağın və fotosintezin mərhələlərini araşdırmadan əvvəl, yarpaqların ümumi strukturlarındakı mükəmməl dizayna baxmaq lazımdır. Bunun sayəsində yalnız fotosintez əməliyyatının deyil, bu əməliyyatı aparan quruluş və sistemlərin də şüurlu bir dizayn ilə yaradıldığını yaxından görmək mümkün olacaq.



Fabrik Necə İşləyir?



Çox inkişaf etmiş mikroskoplarla bir yarpağı yaxından araşdırsanız, Allahın yaratma sənəti bütün ehtişamıyla bir daha qarşınıza çıxar. Bir yarpağın içində qüsursuz bir istehsal sistemi qurulmuşdur. Bu sistemi daha yaxşı anlaya bilmək üçün yarpaqda yerləşən strukturları gündəlik həyatda istifadə etdiyimiz alətlərə bənzədə bilərik. Yarpağın incəliklərini böyüdərək araşdırdığımızda hər an fəaliyyətdə olan balonlar, xüsusi əməliyyatlar üçün tikilmiş otaqlar, nəhəng bir fitli qazan kimi işləyən sayğaclar, minlərlə əməliyyata nəzarət edən saysız-hesabsız düymə və heç dayanmadan qaçan işçilərlə dolu avtomatik qida fabriki ilə qarşılaşarıq. Daha diqqətli baxsaq, müəyyən nöqtələrə yerləşdirilmiş zaman nizamlayıcılarını, termostatları, hiqrometrləri, geri bildiriş sistemlərini və istiliyi idarə edən mexanizmlərini də görə bilərik.

Hər tərəfi bir şəbəkə kimi örtmüş boru xətti xammalın istehsal vahidlərinə çatdırılmasını və istehsal vahidlərində əldə edilən məhsulun bitkinin toxumalarına paylanmasını təmin edər. Bu boru xətti bitkinin aldığı qida suyunu yuxarıya doğru çıxararkən, bir tərəfdən də yarpaqlarda çıxarılan siropu bütün ağacın bəslənməsi üçün daxili bölgələrə doğru göndərər. Bu kanalların hamısı yalnız həyati mayeləri daşımaqla qalmaz, eyni zamanda ağacda və yarpaqda skelet funksiyası yerinə yetirərlər. Bu möcüzə bir dizayndır. Çünki insanlar tərəfindən inşa edilən tikililərdə, binaların daşıyıcı işçiləri (kolonlar, tirlər və s.) və binanın su xətləri ayrı-ayrılıqda inşa edilir. Bitkilərdə bu iki ehtiyacın tək bir qələmdə həll edildiyi möcüzəvi bir dizayndır. Sonrakı hissədə bu dizaynın incəliklərini görəcəyik.